İndidən deyirəm ki, başlığı yozmağa ehtiyac yoxdur 🙂

Sözün düzü çox uzun iş təcrübəsinə malik deyiləm. Lakin bir müddətdir izləyirəm və qənaətə gəlmişəm ki, rəhbər qisminə məsləhət verilməsi o qədər də yaxşı nəticələrə gətirib çıxarmır. Ən azından adamın öz əsəbləri pozulur.

Mənim ətrafımda olan çox işçinin də başına bu hal gəlib və belə baxıram ki, gələcək də.

İnsanlar nəyisə idarə etməyi çox sevir və bəziləri bundan həzz alırlar. Məsələn, əmr vermə həvəsi, ona qarşı itaətkarlığın olduğunu görmə istəyi və s. Bu daxili eqonun bariz şəkildə üzə çıxmasından başqa bir şey deyil.
Bir müddət sonra istədiyini əldə edən insan o həzzə alışır və daha çoxuna can atır.

Lakin nəzərə alsaq ki, şirkət daxilində insan topluluğu çalışır və bu insanlar müxtəlif təfəkkürə və baxışa sahibdirlər, rəhbərin aldığı həzz bəzən zəhərə də dönə bilər. Çünki hər kəs rəhbərin istədiyini ona verməyəcəkdir.

İstər məktəb, istər universitet, istərsə iş həyatında hər zaman bu tip insanlara mütləq rast gəlirik. Məktəb vaxtı ola bilməz ki, heç birimiz əmr etməyi sevən və məcburi hörmət tələb edən müəllimlərlə rastlaşmış olmayaq. Siz o vaxtlar hansı reaksiyanı verirdinizsə (istər daxildə, istər xaricdə), əminliklə deyə bilərəm ki, indi də eyni reksiyaları verirsiniz, hətta bəlkə də artığını.

Mənim valideynim çox yaxşı ustadır və çox gözəl rəssamlıq qabiliyyətinə malikdir. O hər zaman şikayət edir ki, “Demək olar ki, heç bir ev sahibinə təklif edəndə ki, izn verin dizaynı mən özüm edim. O, razılaşmır. Dizaynerə küllü miqdarda pul verir və nəticədə hər zaman xırda da olsa problemlər ortaya çıxır. Lakin kim ki, izn verir və inanır, nəticədən olduqca razı qalır”

Bunu dizaynerlərin çörəyinə bais olmaq üçün yazmıram 🙂

Söhbət sahibin (rəhbərin) məsləhətə açıq olmamağından gedir. İnsanlar özlərindən mövqe cəhətcə aşağı olan birini dinləmək istəmir.

Əslində rəhbərlər işçilər tərəfindən gələn təkliflərə, məsləhətlərə biganə yanaşmır, onlar da bilirlər ki, doğruluq payı nə dərəcədə düzdür və ya deyil. Lakin nəticə barəsində oturub danışmaq əvəzinə verilən təklifin havada asılı qalmasını seçirlər. Deyəsən burada da eqo öz işini görür.

Nəticə etibarı ilə, işçi və rəhbər münasibətində daşlar yerindən oynayır. Növbəti dəfə təklif, ideya və məsləhət tələb edən rəhbərə işçidə inam qalmır.

“Məsləhətli don geniş olar” deyib atalar, lakin nə qədər ki, məsləhətə qulaq asılmayacaq “don”lar bir o qədər dar olacaq.
Bir xanım kimi qeyd etmək istərdim ki, dar donda yerimək heç dəə asan və rahat deyil.

Odur ki, məsləhət görərdim ki, mövqeyinizdən asılı olmayaraq məsləhətə qulaq asın 🙂

Bir şərh yazın