Bu gün gördüklərimdən sonra bu barədə yazmaya bilmədim.
Təxmin edildiyi kimi, söhbət klounlardan gedir. Öz zil və qulaqbatırıcı səsləri , rəngarəng görüntüləri ilə uşaqların sevimlisi klounlar.
Nədənsə klounları sevmirəm, buna qorxulu kloun filmlərinin heç bir təsiri olmayıb. Mən sadəcə sevmirəm. Buna görə məni kimsə qınamaz deyə ümid edirəm.
Bir halda ki, istədik ya istəmədik klounlar var, düşünürəm ki, o zaman onlar üçün xüsusi təlimlər keçirilməlidir.
Çünki onlar ilk növbədə uşaqlarla çalışırlar. İkincisi, anlamalıdırlar ki, kloun olmaları onlara hamı ilə “məzələnmə” haqqı vermir.
Bu sözümdə tamamilə ciddiyəm, psixologiyadan anlayışı olmayan biri bu işlə məşğul olmasın!!!
Gördüyüm qısa və qıraqdan çox sadə görünən bir hadisəni sizlərlə bölüşmək istərdim.
Uşaq məclisidir və şən kloun oyun keçirdir. Oturacaqlar ətrafında uşaqlar dövrə vurur və otura bilməyən uşaq oyundan kənarlaşdırılır. Amma bu kloun ağıl nümayiş etdirərək, uşaqlardan boyda ən balacasını hər dəfə mahnı kəsiləndə qucağına alır və özü onu oturdur. Oyunun sonunda həmin o uşağı da qalib edir.
İki şey baş verdi:
- Qaçaraq özünü yoran, tərləyən və sonda bir klouna görə məğlub olan uşaqlar məyus oldular.
- O balaca uşaq heç bir əziyyət çəkmədən nəyəsə nail oldu.
Bu sadəcə misallardan biridir. Bir məclisə diqqətlə baxmaq kifayət etdi ki, “bir kloun uşaq psixologiyasını necə pozur”u görə bilim.
Kloun bu edərkən nəyə səbəb olduğunu anlamadığı üçün bu gün deyirəm ki, savadsız və məlumatsız biri bu işi etməsin. Şüuraltı verdikləri mesajlar həmin o körpələrin gələcəkdəki yaşamlarına mütləq təsir edəcək.
Valideynlər də bu məsələdə olduqca diqqətli olmalıdırlar. Mən kritik deyiləm, lakin ağlı başında olan biri kimi analiz edirəm və düşünürəm belə davam etsə yenidən eyni şeyləri yaşayan bir cəmiyyət yaranacaq.
Normalda bir dəfə fikirləşirsinizsə, uşaqlarla əlaqəli fikirləşəndə bunu 2 dəfə etməlisiniz.
Klounlar olmasa da olar, onlar digər qəhrəmanlarla da sevinə bilərlər…





Bir şərh yazın