Birinci sinfə getdiyim günü dünənmiş kimi xatırlayıram.
İlk dəfə anam məni onunla tanış edəndə anamın ətəyindən yapışmışdım və ona baxırdım. Qara, qısa saçları var idi. Səlis dil qabiliyyəti..
Heyran olmuşdum…
Mən onun masasının bitişik olduğu sırada üçüncü partada əyləşirdim. Əlinə alıb dəftərimi “baxın Günelin yazısı nə gözəldir” dediyi andakı fərəh hissimi heçnə ilə əvəz edə bilmərəm.
O mənə dinimi, dilimi, vətən torpağına sevgini aşılamışdı.
Mən onu bütün ruhum və varlığımla mənimsəmişdim..
Beşinci sinifdə ondan ayrıldım.
Hamı alışdı onun yoxluğuna. Bircə mən bacarmadım. Hər dördüncü gün onun yanına gedirdim dərsdən sonra. Bir stəkan su verərdi. Mən isə “su qədər ömrünüz olsun” deyərdim…
Onun ömrü su qədər olmadı.. amma su qədər təmiz oldu..
Qara qısa saçları ağarırdı. Əvvəl məni öpmək üçün əyilən o qadını indi mən öpmək üçün əyilirdim…
Mən ona heyran olmağa davam edirdim… O da anlamışdı. Kimsə onu mənim qədər sevməmişdi..
Tanrı sevdiyi insanları imtahanlara çəkərmiş…
10-cu sinifdə idim..
Bir gün mənə dedilər, o səni görmək istəyir. Yanına getdim… Nə yemək yeyirdi, nə su içirdi.. O qadın deyəsən gedirdi…
Baxa bilmirdim gözlərinə…Yola salarkən öpdüm onu və bu cümləni dedi mənə:
“Oxu qızım..Çox oxu..Əziyyətləri yerdə qoyma”
Doğum günümdə onun ölüm xəbərini aldım…
O getdi…
Ədilə müəllimə, mən oxudum..Çox oxudum.. Müəəllimlərin müəllimi, günün mübarək olsun…
İllər keçsə də adını anarkən bilirəm indiki kimi gözüm dolacaq.. Sən mənim hədiyyəm idin…
Allah səni sevdiyi bəndələrdən eləsin…
İnşaAllah bir gün yenə o bir stəkan suyu mənə verərsən….

Bir şərh yazın