Sən daha qonaqsan, ildə bir dəfə,
Gəlirsən qapıma sanki yad kimi.
Əlin boş, üzündə saxta təbəssüm
Keçirən düz başa, utanmaz kimi.
Sən daha yuxusan, hərdən gördüyüm,
Çağırsam da səni dinə bilmirəm.
Sənə röyalarda qovuşmaq üçün
Qaçıram ardınca çata bilmirəm.
Sən daha əşyasan, köhnə və tozlu
Atılıb kənara unudulmusan.
Dəyərin çox idi bilirəm sənin
İndi alan yoxdur, ucuz olmusan.
Sən daha uzaqsan, yolların çətin,
Gəlməyə nə imkan, nə də gücüm var.
Gəzməyə gələrdim, yoxsa ölməyə,
Neynirəm mən səni, öz vətənim var.





Bir şərh yazın