Deyirəm, məsələn gələydin bizə,
Keçəydin masanın tən düz başına.
Eləcə qıraqdan baxaydım sənə
Şeirlər yazaydım o göz, qaşına..
Deyirəm, məsələn güləydin mənə,
Süzəydin gözünlə başdan ayağa.
Mən də qanadlanıb bir quş olaydım,
Uçaydım səmaya, Uçaydım aya…
Deyirəm, məsələn sevəydin məni,
Sən də mənim kimi xəyal quraydın,
Yanımda görəndə özgə birini
Gizlicə qısqanıb alovlanaydın.
Deyirəm, məsələn sən mən olaydın
Dadaydın cavabsız qalan sevgini.
Bəlkə də qaytarıb verərdin onda,
Əlimdən aldığın səadətimi.





Bir şərh yazın