Alt dodağım dişlərimdən yara olmuşdu. Öz qanımın dadını hiss etdikcə, daha bərk dişləyirdim. Barmaqlarımı isə demək belə istəmirəm. Saça hörülmüş “sünbül” hörüyü kimi idi. Dolandıqca dolanırdı bir-birinə. Başımı dik tutsam da ruhum yerdə sürünürdü. Nə danışır bu saçları tökülmüş kişi? Əlində eynəni tutmuş, gah yüksək səslə, gah da ancaq özünün eşidəcəyi tonda nəsə izah edir. Əzmli görünməyə çalışır, amma yorğun olduğu çox bəllidir. Bəlkə də borcları var, ya da xoşbəxt olmayan bir evlilik yaşayır. Kimsə onu dinləmir. Əminəm həyatında da belədir. İndi qalxsam “müəllim, xoşbəxtsənmi?” deyə soruşsam, nə deyər mənə? 2 yazar? otaqdan qovar? Bəlkə qışqırar? Ya da dəli olduğumu düşünər.

Bəlkə elə dəli olum? Tələbə olmayım məsələn, ya da gələcəkdə müəllim.. Kiminsə arvadı, kiminsə anası.. Gözucu barmaqlarıma baxıram. Nə çox yerlərə toxunublar. Qaldırıram biixtiyar əllərimi, ovcuma barmaqlarımın uclarına baxıram. 22 ildir toxunduğu yerləri xatırlamağa çalışıram. Daha eşitmirəm müəllimin səsini, ya da sinif otağındakı pıçıldaşmaları. Uğultulu səs gəlir qulağıma sadəcə, bir də uzaqlardan bir qadın laylası. Bəlkə də anamdır bu səsin sahibi. Dedim axı 22 il əvvələ qayıtmış kimiyəm.

Bu nədir? Müəllim mənə baxır, nəsə söyləyir. Əllərim havada olduğu üçün deyəsən diqqətini çəkmişəm. Bəlkə elə indi verim sualı. Deyəcək bu qız dəlidir.Bəlkə elə indi dəli olum? Qışqırım birdən-birə, ya da gülüm.. bəlkə ağlayım. Məndən olsa ağlayaram. Amma ağlasam dəli deməzlər. Birdən birə ağlayana yox, gülənə dəli deyirik. Səbəbsizcə ağlaya bilərik, amma gülmək əsla… Mən gülüm, qoy hamı qorxsun. Havalanıb desinlər. Məni bərk-bərk tutmağa çalışsınlar, kimi 103-ə zəng etsin, kimi qışqırsın, kimi də qorxsun ağlasın. Qoysunlar məni bir maşına aparsınlar ən yaxın xəstəxanaya. Otaqdan çıxan kimi qulağını çəksin qızlar, oğlanlar siqaret yandırsınlar tənəffüsdə başlarını yelləyərək. Elə dərmanlar versinlər ki, unudum ağıllı olmağı. Quş zənn edim özümü və ya İngiltərə Kraliçası. Ya uçmağa çalışım, ya da əmrlər yağdırım ətrafıma. Mən düşünməyim, məni düşünsünlər…

Göz-gözə baxırıq müəllimlə. Bağışlayın deyib əyləşirəm. Nə gülürəm, nə ağlayıram… Yəqin indi ürəyində deyir – “qız dəli olub!”…

Bir şərh yazın