Bakının mərkəzi hesab edilə biləcək bir ərazi düşünün. Hansı ki, bu ərazidən Bakının ürəyinə çox qısa zamanda yeriyərək çata bilirsiniz. Köhnə Bakının – Bakılıların yaşadığı və ya yaşamağa çalışdığı bir yerdən yazacam bu gün..
Mərkəzin kənarı – Kubinka…
Düşünmədən və dolayısıyla da yazmadan edə bilmədim… Nəyə və niyə göz yumuruq?
Mən 5 yaşımdaykən Sumqayıtdan Bakıya köçüb ailəm. Sovetski adlanan ərazinin müxtəlif yerlərində yaşamışıq. Öz qanunları olan yerlərdən danışıram sizə. Yazılmamış qanunların hökm sürdüyü bir yerdən. Küçələrindən meyxana səsinin ucaldığı, toylarının palatkada kişi məclisi formasında təşkil edildiyi, məhəllələrdə kişilərin domuşub oturduğu və yanlarından qadın keçərkən tez ayağa duranların yaşadığı yerdən.
Bakının gözəlləşməsi uğrunda gedən “müharibə”lər zamanı sovetskinin bir hissəsi də tarixin tozlu səhifələri arasında öz yerini aldı. Bu gün böyüməməyə söz verən tut ağacından tanıyıram köhnə evimizin olduğu yeri. Amma mən “ürəklərdə yaşayacaqdır Sovetski” havasından çıxıb, Bakının köhnələrindən olan Kubinkadan bəhs etmək istəyirəm.
Hal-hazırda həzin Sovetski ayrılığından sonra Kubinkada yaşayan biri kimi deyə bilərəm ki, bura betərin betəridir!
Mən axşam evə qayıdarkən Sovetskidə qorxmurdum, amma Kubinkada tam əksi. Səbəbi təkcə həyət darvazalarının yanında yerə düzülmüş iynələr deyil, səbəb buna göz yuman cəmiyyətdir. Bir məhəllə düşünün, Nizami metrosuna 5 dəqiqə məsafə uzaqlığındadır, ətrafda, Litsey, nazirlik binası, körpələr evi, bağça, çox sayda təhsil mərkəzi və ən əsası Məscid var. Bu saydıqlarımın hamısı əslində arzuladığımız sağlam gələcəyi bizə verə biləcək qurumlardır. Oxuyuruq, öyrənirik, öyrədirik, dini etiqadımız da yerində.
Bütün bu üstünlüklərin yanında bonus olaraq, litsey həyətinin qapısından güclə tutaraq yeriyən adamlar, bağçanın yanında əlaltı nəsə satanlar, məscidə söykənib hal(lı)sız dayananlar, təhsil mərkəzinin, nazirliyin ətrafında iynə atanlar da unudulmayıb. Bir uşaq düşünün, orada böyüyür, oxuyur, amma hər şey sual altındadır. Görəsən o da nə vaxtsa dadacaqmı şirin zəhəri, yoxsa gözünün qabağındakı uçurumun fərqinə varacaqmı?
Bəli, Narkomaniya var və bu gizlətməklə yox olan bir şey deyil! Amma, göz qabağında yaşanmasına imkan veriləcək qədər də deyil. Əgər satış, alış, istifadə və sonda da nəticəni görə bilirsə bizim kimi sadə və saf vətəndaşlar deməli yolunda olmayan bir şey var. Yəni mən burada istifadə etdiyim mənzərəni günaşırı görmək məcburiyyətində deyiləm. Elə deyilmi?







Bir şərh yazın