Dekabrın son günlərini yaşadıqca, yeni ilin bilinməz həyəcanını da yaşayırıq. Yeni il həyatımıza nə gətirəcək, nə gətirməyəcək bilmədən ilin son gününü bacardıqca gözəl keçirməyə səy göstərir, könlümüzü və könülləri xoş etməyə çalışırıq. Bu kiçik məqaləmdə də elə sevdikləriniz könlünü xoş edəcəyini düşündüyüm fərqli yeni il hədiyyələrini bir araya topladım. Faydalı olması diləyi ilə 🙂

1. Hədiyyəniz “Meşə” olsun!

Əslində bu saytı görəndə bu barədə məqalə yazmaq qərarına gəldim. Yeninefes.az saytına daxil olaraq sevdiklərinizə ağac(lar) hədiyyə edə bilərsiniz. Qeyd edim ki, 1 ağac sadəcə 2 AZN dəyərindədir. Ağac miqdarını təyin edib, sifariş etdikdən sonra təsdiq sertifikatı əldə edirsiz, sonra qeyd olunan əkin mövsümündə sizin hədiyyə etdiyiniz ağac əkilir və gündəlik qulluq edilir. Əkin həyata keçiriləndən sizin adınızdan əkilmiş fidanın fotosunu və koordinatlarını əldə edirsiz. Bundan gözəl hədiyyə? 🙂

2. Ulduzları hədiyyə edin!

Yəqin bir çoxlarınız ulduz hədiyyələri barəsində eşitmisiniz. Əslində heç kim ulduza sahib olmaq üçün ulduz ala bilməz. Hətta elmi cəhətdən ad qazanmış ulduzlar belə heç kimə məxsus deyil. Burada maraqlı olan göydə sizin seçdiyiniz bir ulduza öz adınızı verməkdir. Əslində bununla məşğul olan saytlar az deyil. Amma OSR.org saytı mənə daha maraqlı gəldiyi üçün bu saytı qeyd edirəm. Ulduz qiyməti – 377 – 613 TL aralığındadır. Bu qiymətə sizə hədiyyə paketi təqdim olunacaq.

3. Ona zənginlik şansı verin!

Əgər bu dəfə fərqli və gələcəyə yönəlik bir hədiyyə düşünürsünüzsə, koinlərə müraciət edə bilərsiniz. Heç kim sizdən bitcoin almağınızı istəmir 🙂 Amma kiçik koinlərə şans verə və kim bilir gələcəksə hədiyyə verdiyiniz şəxsi zəngin edə bilərsiniz. Binance vasitəsilə 10-15 dollara koinlər ala bilərsiniz.

4. İsti corablara heç kim yox deməz

Yeni il deyəndə ağlımıza soyuq qış axşamı, ədyallar, isti qəhvə və ya çay, şokalad və corablar gəlir. Elə bu səbəbdən sadaladıqlarımı da buraya əlavə etdim. İşə corablarla başlayaq, çünki insan elə ayaqdan üşüyür 🙂 Corab deyib keçmək olmaz, çünki hər corabı hədiyyə edə bilmərik. Odur ki, çox uzağa getmədən yerli bazarda olan və bir-birindən gözəl seçimlərin olduğu corablara baxmaq olar.

Corabb.az -da yeni il temalı corablar 14 – 35 AZN, SockTailor-da isə 5-10 AZN, CorabStation-da 5 AZN dəyərindədir.

5. Yeni il ədyalları alın

Yuxarıda da qeyd etdiyim kimi yeni ilin sevimlilərindən biri də ədyallardır. Soyuq qış gecələrində maraqlı bir kinofilm qarşısında ədyala bürünməyin elə özü istirahətdir. Odur ki sevdiklərinizə ədyallar hədiyyə edə bilərsiniz. Məsələn, hal-hazırda Madame Coco mağazalarında olan kampaniyadan faydalanaraq həm gözəl və isti ədyallara sahib ola, həm də xərcinizə qənaət edərək iki hədiyyə ala bilərsiniz. Çünki hal-hazırda mağazada ədyallara 1+1 kampaniyası var. Ədyalların qiyməti minimum 40 AZN-dən başlayır.

5. Yeni ildə yeni fincan

Yeni ilin sevimli hədiyyələrindəndir fincanlar. Bir stəkan çay yeni başlanğıcların, söhbətlərin, bölüşməyin simvolu sayıla bilər. Yeni ilə yeni fincanla başlamaq isə tam yerinə düşər. Fərqli və gözəl fincan axtarışında olanlar Sel home, Karaca, Homme, Coincasa mağazalarına baş çəkə bilər.

6. Şirin söhbətlər üçün şokalad hədiyyə edin

Yeni il deyəndə şokaladdan yan keçmək olmaz #mence. Odur ki, hədiyyə seçimini şokaladdan yana istifadə edənlər heç də yanılmış olmazlar. İş sadəcə ləzzətli və fərqli şokaladı seçməkdə qalırsa bu səhifələrə nəzər sala bilərsiniz.

Yeni temalıyolka, qar adamı və s. kimi fiqurlu şokaladları Lvov Şokalad Evində 9-22 AZN, Carrousel-də 15- 35 AZN aralığında əldə edə bilərsiniz.

7. Öyrənməyin ili olmur

Əgər qarşınızdakı şəxs oxumağı və öyrənməyi sevirsə, ona online kurs və ya kitab hədiyyə etmək onu çox sevindirəcəkdir. Yeri gəlmişkən demək lazımdır ki, hal-hazırda udemy-də kurslar 13,99 USD-dən başlayan qiymətlərlə təklif olunur. Nəzər sala bilərsiniz 🙂

8. Səyahət hədiyyə edin

Səyahət deyəndə ağıla ilk gələn xaric olmamalıdır. Ölkəmizdə də gözəl və görməli yerlər boldur. Yeni il tətilində bir günlük də olsa regionlarımızdan birinə səyahət etməyi kim istəməz. Odur ki, qarşınızdakı şəxsin tətil planlarından xəbərdarsınızsa ona bir və ya iki günlük ölkədaxili tur ala bilərsiniz. Qiymətlər ortalama 25-100 AZN arasında dəyişir.

Mən yeni il hədiyyələrinin çox bahalı olmasını anlamadığım üçün az büdcə ilə alına biləcək maraqlı hədiyyələri sıralamaq istədim. Bu sıranı ətir, şam, çərçivə, albom, şərf/papaq və s. ilə də uzatmaq olar. O artıq sizin büdcənizdən və təbii ki, seçiminizdən asılıdır. Rəylərdə siz də öz hədiyyə təkliflərinizi versəniz sevinərəm.

Sevdiklərinizi sevindirməyin ən birinci yolunun isə bir xoş sözdən, diqqətdən və xoş münasibətdən keçdiyini unutmayın. Çünki ən böyük hədiyyə elə sevginin özüdür.

Sevgi dolu bir yeni il ümidilə…

Bir şərh yazın