Uzun zamandır — dəqiq desəm, 10 ildir — yazmaq istədiyim bir şey haqqında yazıram. Ola bilər ki, illər yaddaşımdan bəzi şeyləri silib, amma silinməyənlər var: dissertasiya yazmağa başlayan hər kəs üçün yol göstərə biləcək təcrübələr. Unutma, burada yazılanlar heç bir xəyal məhsulu deyil — yaşanmış, sınanmış, bəzən də can yandırmış təcrübələrdir.

Əgər sən, doktorantsansa oxumağa davam et, çünki lazım olacaq #məncə.

Dissertasiya yazmaq üçün nə lazımdır, necə olmaq lazımdır?

  • Topla amma atma!

Bəli, bəlkə də ən vacib olan budur. Başqa ölkələrdə necədir bilmirəm. Amma Azərbaycanda müdafiə edəcəksənsə əmin ol çox böyük işin öhdəsindən gəlmiş olacaqsan. İki əsas məqam səni istədiyin hədəfə çatdıracaq. Birincisi, yaxşı hazırlanmış dissertasiya, ikincisi düzgün sənədləşmə. Hər ikisi üçün lazım olan qayda TOPLA AMMA ATMA-dır.

Dissertasiya mövzusu təyin olunduqdan sonra qarşına bir vərəq qoy. İşin adı sənin adındır. Bunu unutma. Bu vərəqdə dissertasiya mövzusundakı problem, araşdırma və ya hədəfə çatmaq üçün yolları təyin et. Əgər mövzu – Əlinin yaşıl bağındakı almaların keyfiyyətinin araşdırmaqdırsa, Əlinin yaşıl bağı necə saldığı heç kimə maraqlı deyil, maraqlı olan almalardır. 😊 Bu fərqi başa düşmək, artıq işin yarısıdır.

  • Yenilik olmadan elmdən danışmaq olmaz.

Düzgün yol xəritəsi təyin olunduqdan sonra, sıra araşdırma hissəsinə keçəcək. Unutmamalı olduğunuz çoox vacib bir məqam var – Yenilik.

Yenilik olmadan elmdən danışmaq olmaz. Dissertasiyanın dəyəri onun gətirdiyi yenilikdədir. Fəlsəfə doktorluğu iddiası olan kəsin işi elmə yeni baxış, yeni metod və ya yeni nəticə gətirməlidir. Əks halda, yazılan sadəcə “məruzə” olacaq. Yazdığınız iş sizi irəli aparmalıdır, sizin ayağınıza dolaşmamalıdır.

  • Araşdırma mərhələsi – “kağız dağının” sirri

Araşdırma qismində bir anlıq dayanmaqda fayda var. Bu fasilə sizə getdiyiniz yola işıq xətti çəkmək kimi gəlməlidir. Siz sizdən əvvəl edilən araşdırmalarla tanış olmalı, ordan çıxardacağınız hissələri, yenidən araşdıracağınız məqamları qeyd etməlisiniz. Məsləhət görərdim ki, əldə etdiyiniz bütün məlumatları çap edəsiniz. İşinizə əlavə edəcəyiniz hissələri rəngli qələmlərlə işarələyib saxlayın. Hər götürdüyünüz məlumatın mütləq ədəbiyyat hissəsini də çap edin. Çünki istinadlar çox önəmlidir. Bu kağız toplusu sizə çox gəlməsin. Çünki əmin olun sizə bir gün mütləq lazım olacaq.

  • Sənədləşmə – səbr və nizam sınağı

Çıxdığınız yolda sizi gözləyən sənədləşmə prosesləri də az olmayacaq. Qaydamız davam edir – TOPLA AMMA ATMA. Məsləhət görərdim ki, iki qovluq alıb birində orijinal, digərində nüsxələri saxlayasınız. Hər sənəddən 2-3 ədəd nüsxə çap etməyiniz sizin faydanızadır. Bu toplama prosesi yorucu olsa da, sizi gələcəkdə qarşılaşa biləcəyiniz bir çox problemdən azad edir.

  • Yazmaq mərhələsi – fasilə ver, amma dayanma

Düşünək ki, hər şeyiniz hazırdır: Mövzunuz bəllidir, yol xəritənizi zehninizdə hazır etmisiniz, fəsillər təyin olunub, geniş araşdırma aparıb, əldə etmiş olduğunuz bütün məlumatları bir yerə toplamısınız. Sıra yazmaqdadır!

Mən dissertasiyanı ərsəyə gətirə bilmək üçün 2 aylıq təhsil məzuniyyətinə çıxmalı oldum. Əgər siz də həm çalışıb, həm də doktoranturadasınızsa bu ən əlverən variantdır. 2 ay bəs etdi? – Bəli, etdi. İlkin versiyanı hazırlayıb rəhbərimə təqdim etməyim üçün kifayət etdi. Amma burada vacib olan əsas məqam dayanmamaqdır. Bir gün belə verilən fasilə işdən uzaqlaşmağa səbəb ola bilər. Mən ev şəraitində istəsəm də yaza bilməyən biri idim. İndi də bu sətirləri yazarkən evdə deyiləm 🙂

Bu səbəbdən o dönəmdə əsas məkanlarım coffee shop-lar, kitabxanalar, ofislər oldu. Prezident kitabxanası ən favorim idi. Sakit, çox adam tərəfindən biliməyən yer axtarışında olanlara məsləhətdir.

Dissertasiya hazırlayarkən və sonrasında bunlara da diqqət yetirməkdə fayda var. Mən sıra ilə yazım, siz sizə lazım olanı əlbət ki, tapacaqsınız:

  • Dissertasiya hazırlama müddəti nə qədər davam edirsə etsin mütləq hər dəfə ən son yeniliklərdən məlumatlı olun.
  • Azərbaycan Respublikasının Prezident yanında Ali Attestasiya Komissiyasının saytını – https://aak.gov.az/ mütamadi yoxlayın. Dissertasiya, avtoreferat, ədəbiyyat siyahısı, sənədlərin hazırlanması ilə bağlı bütün məlumatları dəfələrlə oxuyub yoxlayın. İnanın gözdən hər dəfə bir şey qaçır və yenidən o işi etməli olursunuz.
  • Tələblərə əsasən dərc edəcəyiniz məqalələri çalışın ortaq hazırlamayasınız. Tək özünüzün müəllifi olduğunuz məqalələrin sayının çox olması sizin xeyrinizədir.
  • Dissertasiya və avtoreferatı çapa və imzaya verməzdən öncə mütləq redaktə edin, etdirin. Tək özünüzlə kifayətlənməyin. Dəfələrlə oxunsun ki, səhvləri əvvəlcədən görə biləsiniz.
  • Ədəbiyyat siyahısını hazırlayarkən aşağıdakı üsuldan istifadə edə bilərsiniz. Bu üsulla mənim işim xeyli asanlaşdı. (video və ideyaya görə Elnarə xanıma çox təşəkkürlər – https://www.instagram.com/elnara_isn )
  • Sənədlərdə mütləq diqqətli olun. Bütün sənədlərinizdə peçatın vurulmasına, ad soyadınızın və dissertasiya mövzunuzun adının düzgün yazılmasına xüsusi yanaşın.
  • Çap məsələsində diqqətli olun, çapın keyfiyyəti önəmlidir.
  • və ən əsası işinizi özünüz araşdırın və özünüz yazın. (anlayan anladı 🙂 )

Hələlik məndən bu qədər. Yadıma düşdükcə əlavələr edəcəyəm. Əgər sizin də əlavəniz varsa rəylərdə bildirə bilərsiniz. Əlavə sualınız olarsa və ya dəstəyə ehtiyac yaranarsa mütləq bildirin əlimdən gələni etməyə hazıram. Çünki çox gözəl bilirəm ki, bu yol tək gediləcək qədər asan deyil 🙂

Hər birin(m)izə uğurlar!

Bir şərh yazın