“A bala bizim vaxtımızda belə deyildi” deyəndə qarşısındakına qulaq verən bizim nəsil, bir gün, “bizim vaxtımızda” ilə başlayan cümlə quranda heç kim tərəfindən dinlənilməyəcək. Çünki onlar – alfalar gəlir.

Z ilə mübarizə, müzakirə etməyə vaxt qalmadı. Alfaların dövrü başladı. Kimlər ki, 2010-cu ildən sonra dünyaya – rəqəmsal dünyaya gözünü açıb. Onlar üçün internet “yenilik” deyil, smartfon “alət” deyil, sosial media isə “platforma” deyil — reallıqdır.

Bu uşaqların bir yaşına çatmamış sosial şəbəkələrdə hesabları var. Yəni alfalar özlərindən asılı olmadan rəqəmsal iz buraxmağa başlayıblar bu dünyada. Alfa nəsli təkcə yaş baxımından yeni bir qrup deyil. Onlar istehlak, ünsiyyət və gözləntilər baxımından tamamilə başqa bir düşüncə sistemini təmsil edirlər. Əslində pandemiya dövrü bir çox prosesləri sürətləndirdi. Rəqəmsal transformasiya, ələxsusda bizim kimi inkişafda olan ölkələr üçün illərlə planlaşdırılan bir yol ikən, birdən-birə və surətlə məcburi reallığa çevrildi. Bu dövrdə doğulan və böyüyən Alfalar üçün rəqəmsal dünya alternativ həyat yox, əsas həyat forması oldu. Təzəcə onlayn sifariş etməyi gündəlik rutinimizə çevirmişdik ki, indi də süni intellekt həyatımızın bir parçasına çevrildi. Odur ki, bu nəslə sadəcə “uşaq auditoriyası” kimi baxmaq olmaz.

Bu gün Alfalar təxminən 28 milyard dollarlıq birbaşa alış gücünə sahibdir. Ən vacibi isə odur ki, onların ailələrinə də təsiri çox güclüdür. Araşdırmalara görə, bu uşaqlar evdə hansı məhsulun alınacağına, hansı platformaya abunə olunacağına, hansı brendin seçiləcəyinə təsir göstərə bilirlər. McCrindle Research-ə görə, Alfa nəsli indiyə qədər mövcud olmuş maddi gücü ən yüksək olan nəsildir. Onların uzun müddət təhsil alacağı, valideynləri ilə daha uzun müddət yaşayacağı və ailə həyatı qurmaq, ev almaq, uşaq sahibi olmaq kimi bir sıra məsələlərdə gec davranacaqları gözlənilir. Bu isə onların əvvəlki nəsillərlə müqayisədə daha çox sərbəst gəlirə sahib olacağı deməkdir. Bain&Company-yə görə isə, Z nəslindən sonra Alfa nəslinin xərcləri 2030-cu ilə qədər digər bütün nəsillərdən üç dəfə daha sürətli artacaq.

Alfa nəslinin zövqləri d’ daha tez formalaşır. Onlar uşaqlar üçün nəzərdə tutulmuş məhsullardansa, böyüklərə özəl məhsulları istəyirlər. Məsələn, 2023-cü ilin Yeni il bayramında bir çox Alfa qızları bahalı dəriyə qulluq vasitələri və Stanley termosları istəmişdi. Daha kiçik yaşlı Alfalar belə evdəki alış qərarlarına təsir edir. Çünki onlar çox erkən yaşlardan brendlər və reklamlarla qarşılaşırlar.

Çünki Alfalar brendləri axtarmır, brendlər onların qarşısına çıxır. Yəni, onlar reklama baxmır, reklama məruz qalırlar. Odur ki, onlar üçün məzmun ya maraqlıdır, ya da yoxdur. Brendin nə dediyindən çox, nə etdiyini və bunu necə etdiyini izləyirlər. Bu nəsil konkret insana yox, marağa bağlanır.

Alfa reklamçılığı uzunmüddətli yanaşma tələb edir. Bu, bir kampaniya, bir video və ya bir influencer əməkdaşlığı ilə həll olunan məsələ deyil. Alfa nəslinə özəl marketinq addımları barədə indidən düşünmək qəribə görünə bilər. Amma rəqabətdə öndə olmaq üçün bu gün bu nəsil barədə düşünməyə başlamaq vacibdir.

Bir şərh yazın