İnsan bir dəfə doğulmur. Bunu insan bir neçə dəfə yaşayır. Bəziləri ilk dəfə aşiq olduqda, bəziləri azadlığa buraxıldıqda, bəziləri isə keçirdiyi bir qəzadan sonra yenidən doğulduğunu düşünür.
Mən də 04.02.09 tarixində ..
İllərdir çox az adama bu barədə danışmışam. Danışmaqdan çəkinirdim. Azərbaycanda hər hansı bir xəstəliyi yaşamaq bir qız üçün çətindi. İnanın mənə bu belədir. Amma bu gün düşündüm. Niyə susmaq lazımdır ki? Mən özümlə fəxr edirəm. Göstərdiyim mədəni cəsarətlə fəxr edirəm. Yaşadıqlarım məni gücləndirib və sübut etmişəm ki, ən pis halda belə müsbət aura insanı xilas edə bilər.
Birinci kursda oxuyurdum bu xəstəliklə (anaplastic astrocytoma) qarşılaşdıqda. Həkim anama, “get dua et Allaha ki, qızın ölməsin” dedikdə gülmüşdüm. Beynimdə bir kütlə var idi və 19 il sonra məni narahat etmişdi. Ağır müalicə dövrü keçirmişdim. Sonda qərar qıldılar ki, əməliyyat şərtdi.
Məndən soruşsalar ki, nə səni çox üzdü. Cavabım sadəcə saçlarım olardı.

Mən o gün anlamışdım insan beyni hər şeyə qadirdir. Və insan istəsə hər şeyə sinə gərə bilər.
Evə buraxıldıqdan sonra, 3 ay ərzində tv-yə baxmaq, kitab oxumaq, telefonla məşğul olmaq qadağan olunmuşdu. Bir radio ilə yaşayırdım və İctimai radioda hər gün Kazıma qulaq asırdım 🙂
Sonra yavaş-yavaş normal həyatıma geri qayıtdım. Təhsilimi davam etdirdim. Bu gün məni az da olsa tanıyanlar bilir ki, hansı yolları öz gücümlə keçə bilmişəm.

Mən sübut etmişdim əslində. Məclisdə, yol kənarında mənə baxıb danışanlara əslində sağlam olduğumu, beynimin kifayət qədər inkişaf etdiyini və seçilmiş biri olduğumu sübut etmişdim.

Bu arada beynimdə mənimlə illərlə yaşayan həmin o kütlə xoş xassəli idi 🙂
eynən mənim kimi 🙂 (necə də təvazökaram)
və saçlarım da uzandı. üzülməyə dəyməzmiş 🙂

Nəticə bilirsinizmi nədən ibarətdir?
İnanmaqdan və gülümsəməkdən əl çəkməyin. Bunları etmək üçün cəhd edin. Sizi zəif görməsin kimsə. Bunu unutmayın sizin dərdiniz əslində sırf sizi yandırır. Qoyun bu dərd başqalarını da yandırmasın.
Gülümsəyin hər zaman. Mənim bu gün 7 yaşım tamam oldu.

Bəlkə Siz yenidən doğulmaq üçün ölümü gözləməyəsiniz? 😉

“7 yaşım tamam oldu” üçün bir cavab

  1. Yenidən doğulmaq üçün ölümü gözləmə 🙂

    tərəfindən bəyənildi 1 şəxs

Khaliyaddin üçün bir cavab yazın Cavabı ləğv et