Yağış damlaları çətirimdən yavaş-yavaş süzülərkən, mən qulağımda səslənən həzin melodiya ilə yağışdan qaçmağa çalışan qaraltıları izləyirdim.
Ciyərim bir yandan ən yaxın dostu üçün darıxır, bir yandan da yağışın gətirdiyi təravətdən məhrum qalmaq istəmirdi.
Yağış ayaqlarımı islatmışdı.. üşüyürdüm..və düşünürdüm..
Həyatımı, mənasını…itirdiyim və itirəcəyim şeyləri.. Məgər heçmi qazanmamışdım?..
Sanki bu günə kimi heç vaxt üzüm gülməmişdi..Ürəyimdə nakam qalan məhəbbətlərimi, ikiüzlü dostlarımı və ən nəhayət heç kimin belə bilmədiyi və sadəcə mənə agah olan günahlarımı yağışla yumağa çalışırdım sanki.
Yuduğumuz çirklər mütləq üstümüzə sıçrayır
Sızıldayan şeyin nə olduğunu tapa bilməmək çox ağrıdıcıdır. Yoxsa?
Yoxsa onumu özləyirdim…?
Bilmirəm..Ya da bilməkdən qorxuram..
Bəzən bildiyimizi boynumuza almırıq. Çünki bilməmək daha rahatdır
Orda idi…
Cılız bədənini yağışdan qorumağa çalışırdı..
Üzünü görməsəm də üşüdüyünü bilməyim kifayət etdi ki yaxınlaşım. Çətiri sadəcə uzatdım.
Üzərinə gələn qaraltını hiss etdiyindənmi nədənmi bilmirəm, başını sürətlə qaldırıb mənə baxdı..
O bunu surətlə etdisə də, mənim üçün o an sadəcə donmuşdu. Saç tellərindən sürüşən damlaların göydən asılı qalan damlalara necə toxunduğunu hiss elədiyimi bilirəm..
Və baxışlardakı qürur dolu qorxunu…
İndinin özündə də and içə bilərəm ki, o gözlərdə tökülməyi gözləyən yaşlar var idi..
Üzümü yana çevirdim. Çətir hələ də onun başının üstündə dayanmışdı. Yağış bu dəfə məni yuyurdu. Düşünürdüm nə işim var idi burda?
Kimliyini, adın bilmədiyim bir qızın yanında idim. Ona görə islanırdım..
Yoxsa islanmaq üçün bəhanə idi bu?
Qəlbimdə iki qadın savaşırdı… İki qadın hisslərimi parça parça edərkən, mən sadəcə qıraqdan tamaşa edirdim..
O hələ də orda idi…Bilirdim. O da mənim kimi getməklə getməmək arasında vurnuxurdu.. Və bəlkə onun da ürəyində mən bir oğlanlar dava edirdim… nə bilmək olar…
“Çay içməliyik” dediyimi xatırlayıram. Və sonra sadəcə yeridim..
Gəlirdimi görəsən?
Əlimi çətirdən çəkməmişdim və hələ yan tərəfdə tutduğum üçün yağış məni isladırdı..
O yox idi..gəlmirdi.. Dayandım bir anlıq .. və budur o öz yerinə keçdi.. çətir yenə də onu qoruyurdu..
Bir cüt gözün mənə baxdığını hiss edirdim..
Soyuqdan və yağışdan qaçan iki sevgili kimi qarşı qarşıya oturduq. O, isti pürrəngi çaydan yavaş yavaş içərkən, mən ciyərlərimi dostu ilə qovuşdurmuşdum.
Bir fincan isti çay süz..Və sonra ayrıl məndən
Danışmırdıq. Danışa bilmirdik. İlahi mən ona vurulmaqdan qorxurdum o isə məndən…
Səsini eşitmək istədiyim bu adsız qadına çox şey danışmaq istəyirdim.. Uşaqlığımı, ilk sevgimi, həsrətimi, ilk davamı, mənasız əsgərlik xatirələrimi, gələcəkdə uşaqlarıma qoymaq istədiyim adları, qorxularımı…
Amma susurduq.. o da mən də..
Artıq çölə çıxanda yağış dayanmışdı.. Bu ayrılıq idi… Dərin dərin baxdım gözlərinə.. Mən baş daşını belə hələ qoya bilmədiyim sevgimin yasını tutarkən, bu bahar məni məndən ala bilərdi..
Qorxurdum. O isə məğrur və ürkək baxışları ilə məni izləyirdi…
Arxamı çevirdim və iti addımlarla uzaqlaşdım. O, orda qaldı.. Min bir xəyal və ümidlə..
və inanın mənə..mən bir də çətir istifadə etmədim…

“Adsız Qadın” üçün 8 cavab

  1. Bunun yazari deqiq olaraq kimdir?

    tərəfindən bəyənildi 1 şəxs

  2. Basqa movzular haqqinda da yazdiginiz var ? Varsa, hardan tapmaq olar ? Tesekkurler

    tərəfindən bəyənildi 1 şəxs

    1. Aynur xanım, yazılarımı burda yerləşdirirəm hər birini burda görə bilərsiniz. Diqqətiniz üçün təşəkkürlər 🙂

      Bəyən

  3. Super,elə bil boyuk bir Roman oxudum…

    Bəyən

Afet üçün bir cavab yazın Cavabı ləğv et