İtirməyi qazanmaqdan yaxşı bacarıram..
 
Aramızda sadəcə hərdən gəlib keçən bir neçə insandan başqa heç nə və heçkim yox idi. Başını aşağı dikib, sakitcə kitabını oxuyurdu. Mən isə hər zamankı kimi siqaretimi yandırmış və sadəcə düşünürdüm.
Varlığımı sorğu-sual edir, həyatımdakı səhvlərin məndən apardığı düzlərin nə olduğunu anlamağa çalışırdım. Nəticədə əslində həyatımda ümumiyyətlə heç bir şeyin düz olmadığının fərqinə varmışdım.
Bir səs məni bütün fikirlərdən yayındırmağı bacardı. Uşağın biri yıxılmışdı və anası onu yıxıldığı üçün döyürdü. Uşağın isə ağlamaqdan başqa əlindən heç nə gəlmirdi.
Həyat da belə idi..Biz yıxıldıqca bizi döyürdü…
Birdən gözüm ona sataşdı..
Sadə…Çox sadə…
Əlavə şərhə ehtiyacı olmayan, amma haqqında bir roman yazdıracaq dərəcədə gözəl idi..
Külək saçlarını qarışdırdıqca incə barmaqları ilə saçlarını yana darayırdı. Oxuduğu kitabın təsirindən idimi bilmirəm, amma hərdən gülümsəyir və hərdən də qaşlarını çatırdı.
Diqqətim tamamilə onun üstündə idi..
Hiss etdiyindən idimi bilmirəm amma, başını qaldırmışdı və mənə baxmışdı…
O baxdı və zaman dayandı…Baxışlarımın onu narahat edə biləcəyi fikri ağlıma belə gəlmirdi. Çünki həbs olmuşdum onun gözlərində..
Utandığını və hətta durub getmək istədiyini hiss edirdim.
Başını aşağı saldı.
Lakin bir neçə saniyə sonra yenidən gözlərimə baxdı və gülümsədi..
Və bir də o gözləri heç çəkmədi…
Mən aşiq olmuşdum və o da. Bundan əmin idim.
Ona sevgimdən, ilk davamdan, əsgərlik xatirələrimdən, qorxularımdan danışırdım baxışlarımla..və o da mənə ilk göz yaşından, ilk payızından, sevinclərindən danışırdı..
Bu qadın o idi. Dünyaya gəldiyim andan bəri mənimlə olan, “xoşbəxt ol, oğul” cümləsindəki həmin o xoşbəxtlik, başqalarına söylədiyim “səni sevirəm”dəki həmin o “Sən”, Dəfələrlə istədiyim üzrlərin yeganə sahibi o idi.
Elə ordaca əli əllərimdə idi. Elə ordaca qovuşmuşdu ruhlarımız.
Mən varlığımın sorğu-sualını apararkən, ən çətin sualı vermişdi həyat mənə.
Gözləri sanki nəsə deyirdi mənə..Dodaqlarından süzülən gülümsəmənin yerini donuq bir ifadə əvəz etməyə başlamışdı. Məni gözləyirdi. Ona tərəf getməyimi, əlindən tutmağımı və onunla qalmağımı istəyirdi bəlkə də..
Birdən yenə bir səs diqqətimi çəkdi. Üzümü sağa çevirdim və bir ana uşağına qışqıraraq “qal orda, mən gedirəm” deyirdi. Uşaq isə parkın ortasında boğazı yarılana kimi ağlayır, lakin anasının arxasınca getmirdi.
Biz də belə deyildikmi məgər?..
Bu düşüncələrlə üzümü çevirdim və qarşımda sadəcə boş skamya…
Mən imtahandan yenə kəsilmişdim….

“Boş skamya” üçün bir cavab

Bir şərh yazın