Yazdıran da sənsən, yazan da sənsən,
Ölmüşəm, qəbrimi qazdıran sənsən.
Qışı bahar edən, baharı payız,
Ömrümdən günləri çalan da sənsən.
Qara ləkə kimi düşüb üstümə,
Yaşları düzmüsən qara gözümə,
Güzgü qarşısında özüm-özümə
Ən ağır söyüşü söydürən sənsən.
Qurumuş ağacdan kimə xeyir var?
Dilim söz tutmayır, qulaqlarım kar.
Olmuşam sayəndə dəli, üsyankar
Çiynimə yazılan günah da sənsən!
Sən get başqa qəlbin ovçusu ol, yar!
Məndən uzaq olsun, atdığın oxlar.
Daha mənim üçün olmusan əğyar,
Ümidi sevgidən küsdürən sənsən,
Məni qaranlığa tərk edən sənsən.





Bir şərh yazın